(Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı halda necə övladım ola bilər?” (Allah) buyurdu: “Elədir, Allah istədiyini yaradır. O, bir işin olmasını istədikdə, ona ancaq “Ol!”– deyər, o da olar”.
(Allah onu) İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: “Mən sizə Rəbbinizdən bir möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, (bilin ki,) bunda sizin üçün bir dəlil vardır.
Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyən olaraq və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Elə isə Allahdan qorxun və mənə itaət edin.
İsa onlardakı küfrü hiss etdikdə, dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın (dininin) yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanıq!