Hər kəs etdiyi yaxşı və pis əməllərini qarşısında hazır görəcəyi gün, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir (Öz əzabı ilə qorxudur). Allah qullarına qarşı çox şəfqətlidir.
Bir zaman İmranın zövcəsi demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə xidmətçi bir qul olmaq üçün nəzir etdim. (Bu nəziri) məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”.
(Nəhayət,) bari-həmlini yerə qoyduğu zaman dedi: “Ey Rəbbim! Mən qız doğdum” – (halbuki,) Allah onun nə doğduğunu yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan qorumağı Sənə həvalə edirəm”.
Rəbbi onu gözəl tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və ona baxmağı Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) yanına mehraba daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. Nəhayət, o: “Ey Məryəm! Bu, sənin üçün haradandır?”– deyə soruşduqda, (Məryəm) dedi: “Bu, Allah tərəfindəndir! Şübhəsiz ki, Allah istədiyi kimsəyə hesabsız ruzi verir”.