(Onların əməli) Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar ayələrimizi yalan hesab etdilər, Allah da, onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir.
Qarşı-qarşıya gələn iki dəstədə, sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. (Möminlər kafirlərin) sayca onlardan iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanlara gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür. Halbuki gözəl qayıdış yeri Allah yanındadır.
De: “Sizə bunlardan daha xeyirlisini xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında, (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görəndir.