Beləcə, özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və lütfü sayəsində geri döndülər və beləliklə də, Allahın rizasına tabe oldular. Allah böyük lütf sahibidir.
Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah onlara (küfürlərindən dolayı) axirətdə heç bir pay nəsib etmək istəmir. Onlar üçün böyük bir əzab vardır.
Kafirlər, onlara verdiyimiz möhlətin heç də özləri üçün xeyrli olduğunu güman etməsinlər. Biz onlara yalnız günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır.
Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin (hazırda) olduğunuz vəziyyətdə tərk edən deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər (ona qeybdən bəzi şeyləri öyrədər). Elə isə Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib Allahdan qorxsanız, sizin üçün böyük bir mükafat vardır.
Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edən kimsələr heç də bu onların xeyrinə olduğunu güman etməsinlər. Əksinə, bu, onların zərərinədir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır.