Onlar dedilər: “Ey Musa! Onlar orada olduqları müddətcə biz əsla ora girməyəcəyik. Odur ki, sən get Rəbbinlə birlikdə (onlara qarşı) vuruş. Biz isə burada oturacağıq”.
Allah (belə) buyurdu: “Elə isə o yer onlara qırx il müddətinə haram edildi. Onlar yer üzündə çaşqın halda gəzib dolaşacaqlar. Sən isə günahkar tayfa üçün heyifsilənmə”.
Onlara Adəmin iki oğlunun əhvalatını gerçək olaraq danış. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan qardaş öz qardaşına) demişdi: “Səni mütləq öldürəcəyəm!” (Qardaşı da ona belə) demişdi: “Allah (saleh əməlləri) yalnız müttəqilərdən qəbul edər!
Allah, qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yeri eşən bir qarğa göndərdi. O dedi: “Vay halıma! Yəni mən qardaşımın cəsədini basdırmaqda, bu qarğa qədər olmaqdan da acizəm?” Beləliklə o, peşmançılıq çəkənlərdən oldu.