“Biz nəsraniyik!”– deyənlərdən də əhd almışdıq. Onlar da (özlərinə) öyrədilmiş şeylərin bir hissəsini unutdular. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Allah onlara nə etdikləri barədə xəbər verəcəkdir.
Ey Kitab əhli! Sizə kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən (və ya sizdən bir çoxunu bağışlayan) rəsulumuz gəldi. Artıq sizə Allahdan bir nur (Muhamməd və ya İslam) və açıq-aydın bir kitab (Quran) gəldi.
Allah, Onun rizasını arayan kəsləri onunla (Muhamməd və ya Quranla) əmin-amanlıq yollarına yönəldər, onları Öz izni ilə zülmətlərdən nura çıxarar və düz yola yönəldər.
“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir!”– deyənlər artıq kafir oldular. De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. O istədiyini yaradır. Allah hər şeyə qadirdir.