Ey iman gətirənlər! Namaza qalxdığınız zaman üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və ayaqlarınızı da topuqlara qədər yuyun. Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaqyolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, fəqət O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.
Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik!”– dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın. Allahdan qorxun! Şübhəsiz ki, O, qəlblərdə olanı biləndir.
Ey iman gətirənlər! Allah üçün haqqı qoruyan, ədalətlə şahidlik edən kimsələr olun. Bir qövmə qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.