O zaman onlardan bir dəstə dedi: “Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir qövmə nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “(Bu,) Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (pis əməllərdən) çəkinələr!”
Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməllərdən çəkindirən kimsələri xilas etdik, zülm edənləri isə itaətdən çıxdıqlarına görə dəhşətli bir əzabla yaxaladıq.
O zaman Rəbbin onlara Qiyamət gününədək ağır əzab verəcək kimsələr göndərəcəyini bildirdi. Həqiqətən, sənin Rəbbin tez cəza verəndir. Həqiqətən də, O, Bağışlayandır, Rəhmlidir.
Biz onları yer üzündə ümmətlərə böldük. İçərilərində əməlisaleh olanlar da var, elə olmayanlar da. Biz onları yaxşılıq və pisliklə sınağa çəkdik ki, bəlkə doğru yola dönsünlər.
Onlardan sonra Kitaba (Tövrata) varis olan (pis) bir nəsil gəldi. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!”– deyirdilər. Onlara buna bənzər mənfəətlər (yenə də) gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar Kitabda olanları oxuyub öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız?