Yer üzünü qupquru görməyin də Onun (vəhdaniyyətinə dəlalət edən) dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır (müxtəlif növ bitkilər yetişdirər). Şübhəsiz ki, onu canlandıran (Allah), ölüləri də mütləq dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir.
Sözsüz ki, ayələrimizdən üz döndərənlər Bizdən gizli qalmazlar. Oda atılan kimsə yaxşıdır, yoxsa Qiyamət günü əmin-amanlıq içində gələn kimsə?! İstədiyinizi edin! Həqiqətən O, nə etdiklərinizi görür.
(Ey Peyğəmbər!) Sənə deyilənlər, səndən əvvəlki elçilərə deyilənlərdən (sehribaz, yalançı, məcnun və s. bu kimi sözlərdən) başqa bir şey deyildir. Həqiqətən, sənin Rəbbin bağışlayandır, şiddətli cəza verəndir.
Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? (Kitab) başqa dildə, (Peyğəmbər isə) ərəbmidir?!” De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar.
Biz Musaya da Kitab verdik, lakin onun barəsində ixtilaf düşdü. Əgər Rəbbinin (cəzanın müəyyən bir vaxtadək təxirə salınması barəsindəki) öncədən buyurduğu Söz olmasaydı, onların arasında hökm verilmiş olardı. Həqiqətən, (kafirlər) onun (Quran) barəsində anlaşılmaz bir şübhə içindədirlər.