Ey insanlar! Sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini yaradan və o ikisindən də bir çox kişi və qadın törədib (yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah üzərinizdə nəzarətçidir.
Yetimlərin mallarını (yetkinlik yaşına çatdıqda) özlərinə qaytarın və yaxşını pis ilə dəyişməyin. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Şübhəsiz ki, bu, (Allah qatında) böyük günahdır.
Əgər (himayənizdə olan) yetim qızlarla (evlənəyəcəyiniz təqdirdə) ədalətlə davranmayacağınızdan qorxsanız, onda xoşunuza gələn (sizə halal olan başqa) qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxarsınızsa, o halda (onlardan) biri ilə evlənin və ya sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızlıq etməməyiniz üçün ən uyğun olanıdır.
Yetimləri həddi-büluğ yaşına çatanadək sınayın. Əgər onların ağla dolduqlarını görsəniz, mallarını özlərinə qaytarın. (Böyüyüb mallarını geri alacaqlar deyə,) o malları israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan (qəyyum) nəfsini saxlasın, yoxsul isə (o maldan) ehtiyacı olduğu qədər yesin. (Yetimlərin) mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun. Haqq-hesab çəkməyə Allah yetər.