Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuzsa olun, Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Hara (səfərə) çıxsan, (namaz qıldıqda) üzünü Məscidulharama tərəf çevir! Həqiqətən, bu, sənin Rəbbindən gələn haqdır! Allah sizin etdiklərinizdən qafil deyildir.
Hara (səfərə) çıxsan, (namaz qıldıqda) üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin ki, insanlar arasındakı zalımlardan başqa heç kəsin sizə qarşı bir dəlili olmasın. Onlardan qorxmayın, Məndən qorxun ki, Mən də, sizə olan nemətimi tamamlayım və bəlkə, siz doğru yola yönələsiniz.
Həmçinin, öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti sizə öyrədən, habelə, bilmədiklərinizi sizə öyrədən bir rəsul göndərdik.