İçərilərindən bir adama: “İnsanları (Allahın əzabı ilə) qorxut və iman gətirənləri müjdələ ki, Rəbbi yanında onların etdikləri yaxşılıqların mükafatı var!”– deyə vəhy etməyimiz insanlara təəccüblü göründümü ki, kafirlər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!”– dedilər.
Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşin üzərinə ucalan Allahdır. İşləri idarə edən Odur. Onun izni olmadan kimsə şəfaətçi ola bilməz. O, sizin Rəbbiniz olan Allahdır. (Elə isə) Ona ibadət edin. Məgər düşünüb ibrət almırsınız?
Hamınızın dönüşü Onadır. Allahın vədi haqqdır. O, məxluqatı ilk dəfə yaratmış, sonra iman gətirib saleh əməllər edənləri ədalətlə mükafatlandırsın deyə (Qiyamət günü) yenidən dirildəcəkdir. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab vardır.
Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) təyin edən Odur. Allah bunları ancaq haqq olaraq yaratmışdır. O, ayələri bilən bir qövm üçün belə izah edər.