Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Heç bir sözdə və ya hərəkətdə Allahdan və Onun rəsulundan önə keçməyin. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxun! Həqiqətən, Allah sizin söylədiklərinizi eşidir, etdiyiniz əməlləri də bilir. Bunlardan heç bir şey Ona gizli qalmaz və O sizə bu əməllərin əvəzini verəcəkdir.
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Allahın rəsulu ilə ədəb-ərkanla rəftar edin. Peyğəmbər (səllallahu aleyhi və səlləm) ilə danışanda, səsinizi onun səsindən artıq qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da adı ilə müraciət etməyin, əksinə, ona "ya peyğəmbər", yaxud "ya rəsul" deyə yumşaq tərzdə müraciət edin. Yoxsa buna görə, özünüz də hiss etmədən əməllərinizin savabı puç olar.
Həqiqətən, Rəsulullahın (səllallahu aleyhi və səlləm) yanında səslərini asta çıxaranlar, Allah onların qəlblərini təqva üçün sınağa çəkmiş və bunun üçün ixlaslı etmiş kimsələrdir. Onları günahlarının bağışlanması, buna görə cəzalandırılmaması və qiyamət günü böyük mükafat - Allahın onları Cənnətə daxil etməsi gözləyir.